Avqustun 21-də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov daha bir növbəti səyyar qəbul – görüş keçirdi. Gəncə şəhəri Nizami rayonunda keçirilən səyyar qəbul – görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, idarə, müəssisə rəhbərləri və Kərkicahan sakinləri iştirak etdilər.
Səyyar qəbul – görüşü giriş nitqi ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov ölkə prezidenti Cənab İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə olan diqqət və qayğısından danışdı. Şahmar Usubov Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərdiyini, onların problemlərinin həllini daim diqqət mərkəzində saxladığını dedi.
Kərkicahan sakinlərinin dədə-baba torpaqlarında olan zaman zəhmətsevərliyindən danışan rayonumuzun rəhbəri, kərkicahanlıların köçkünlük şəraitində də hər çətinliyə qatlaşdığını vurğuladı.
Sonra Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev Kərkicahan qəsəbə sakinlərini narahat edən məsələləri diqqətə çatdırdı. Dərgah Haqverdiyev qeyd etdi ki, qəsəbə sakinlərinin hal-hazırda məskunlaşdıqları Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında ilbəil sıxlıq yaranır. Qəsəbə sakinlərinin kommunal xidmətlər sarıdan çətinlikləri yoxdur. Ancaq şəraitsiz vəziyyətdə yaşamaq bir çox problemləri öz ətrafında cəmləşdirib. Kərkicahan sakinlərinin əsas problemi yeni mənzillərlə təmin edilməkdir. Əgər yeni qəsəbəyə köçürülmə olarsa, onda mövcud problemlərin əksəriyyəti öz həllini tapmış olacaq.
Səyyar qəbul – görüşdə iştirak edən sakinlər Gəncə ətrafında tikilməsi nəzərdə tutulan qəsəbəyə köçürülməsinə köməklik olunmasını xahiş etdilər.
Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov çıxışında Xocalı rayon sakinlərinin zəhmətkeşliyinə, dövlətçiliyə sədaqətinə vurğunluğunu ifadə etdi. Xocalıların bütün seçkilərdə fəallıq göstərdiyini dedi.
Ağa-Əli Əhmədov Cənab Prezidentimizin Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirdi. Qeyd etdi ki, ancaq biz hər zaman çağırışa hazır olmalıyıq.
Səyyar qəbul – görüşdə sakinlər tərəfindən səsləndirilən müraciətlərə münasibət bildirən Ağa-Əli Əhmədov cari ilin sonunda Gəncə ətrafında 2800 ailəlik yeni qəsəbənin salınmasının nəzərdə tutulduğunu bildirdi. Yeni salınan qəsəbəyə Kərkicahan sakinlərinin köçürülməsi üçün aidiyyatı qurumlara müraciət oluanacağını qeyd etdi.
Sonda problemi olan sakinlər fərdi şəkildə dinlənildi. Müraciətlər əsasən, məcburi köçkün vəsiqənin verilməsi, vahid aylıq müavinətin bərpası, mənzil və işlə təmin edilməsi kimi məsələlərdən ibarət oldu.